Şuşa Bəyannaməsi nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından da mühüm rol oynayır
Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, iqtisadi əməkdaşlığın daha da genişlənməsinə və bölgəyə yeni sərmayələrin cəlb olunmasına mühüm təkan verən tarixi sənəddir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan bu bəyannamə siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bu sənəd təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə regionun inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Şuşa Bəyannaməsinin əsas məqsədlərindən biri iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və yeni iqtisadi imkanların yaradılmasıdır. Məhz bu səbəbdən bəyannamə imzalandıqdan sonra Azərbaycanın müxtəlif bölgələrinə, xüsusilə də işğaldan azad edilmiş ərazilərə maraq daha da artmışdır. Xarici investorlar və iş adamları bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini diqqətlə izləyir və yeni layihələrdə iştirak etməyə çalışırlar.
İşğaldan azad olunmuş ərazilərdə yeni yolların, hava limanlarının, elektrik stansiyalarının, su təsərrüfatı obyektlərinin və digər infrastruktur layihələrinin həyata keçirilməsi sərmayədarlar üçün əlverişli şərait yaradır. İnvestorlar üçün ən vacib məsələlərdən biri təhlükəsizlik və sabitlikdir. Şuşa Bəyannaməsi məhz regionda uzunmüddətli təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına xidmət etdiyindən, xarici və yerli investorların inamını daha da artırır.
Bu gün Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər”, yaşıl enerji və müasir kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Türkiyə şirkətləri də bu prosesdə fəal iştirak edir. Şuşa Bəyannaməsi iqtisadi əlaqələrin daha da güclənməsinə şərait yaratdığı üçün türk iş adamlarının bölgəyə marağı artmış, müxtəlif layihələrə investisiya qoyuluşu sürətlənmişdir.
Əraziyə sərmayələrin cəlb olunması yeni iş yerlərinin açılmasına da səbəb olur. Tikinti, xidmət, kənd təsərrüfatı, sənaye və turizm sahələrində həyata keçirilən layihələr minlərlə insanın məşğulluğunun təmin edilməsinə imkan yaradır. İnsanların işlə təmin olunması isə sosial rifahın yüksəlməsinə, əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına və bölgələrin iqtisadi inkişafının sürətlənməsinə xidmət edir.
Şuşa Bəyannaməsi nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından da mühüm rol oynayır. Azərbaycan və Türkiyə arasında yükdaşımaların artırılması, yeni nəqliyyat marşrutlarının yaradılması və regional əməkdaşlığın inkişafı investorların marağını daha da yüksəldir. İnkişaf etmiş nəqliyyat infrastrukturu məhsulların bazarlara daha tez və daha az xərc ilə çatdırılmasına şərait yaradır ki, bu da sahibkarlar üçün əlavə üstünlük hesab olunur.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərh yazın