Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni dövrünü simvolizə edir

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni dövrünü simvolizə edir

İqtisadi əməkdaşlıq da Şuşa Bəyannaməsinin əsas istiqamətlərindən biridir. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi və yeni sənaye layihələrinin həyata keçirilməsi ölkələrin iqtisadi gücünü artırır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın real nəticələrindən biridir.

Bu gün azad edilmiş ərazilərdə yollar, tunellər, hava limanları, yaşayış məntəqələri və müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr bölgənin iqtisadi inkişafına və insanların doğma torpaqlarına qayıdışına böyük töhfə verir.

Şuşa Bəyannaməsində humanitar və mədəni əməkdaşlıq da xüsusi yer tutur. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında əlaqələri daha da gücləndirir. İki ölkə arasında tələbə mübadilələri, ortaq mədəni tədbirlər və müxtəlif layihələr qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Sənəddə media və diaspor təşkilatlarının əməkdaşlığı da vacib istiqamət kimi qeyd olunur. Xarici ölkələrdə yaşayan azərbaycanlı və türk icmalarının birgə fəaliyyəti, ortaq informasiya layihələrinin həyata keçirilməsi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq informasiya müharibəsi şəraitində daha böyük əhəmiyyət kəsb edir.

Şuşa Bəyannaməsində 1921-ci ildə imzalanmış Qars müqaviləsinə istinad olunması da diqqət çəkən məqamlardandır. Bu istinad göstərir ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin tarixi kökləri çox dərindir. Bir əsrdən artıq müddət ərzində formalaşan bu münasibətlər bu gün daha da möhkəmlənərək yeni mərhələyə qədəm qoyub.

Son illərdə Şuşada keçirilən beynəlxalq konfranslar və forumlar şəhərin siyasi əhəmiyyətini daha da artırıb. Artıq Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda beynəlxalq siyasi dialoq və əməkdaşlıq məkanlarından birinə çevrilməkdədir. Burada keçirilən tədbirlərdə regional təhlükəsizlik, Türk dünyasının əməkdaşlığı, yeni dünya nizamı və qlobal çağırışlar müzakirə olunur.

Bütün bunlar göstərir ki, Şuşa Bəyannaməsi sadəcə iki ölkə arasında imzalanmış siyasi sənəd deyil. Bu sənəd Azərbaycan və Türkiyə qardaşlığının ən yüksək səviyyədə təsdiqi, regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm strateji platformadır.

Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni dövrünü simvolizə edir. Sənəd iki qardaş ölkənin gələcək inkişafına, təhlükəsizliyinə və rifahına xidmət edən mühüm yol xəritəsi kimi öz əhəmiyyətini qoruyub saxlayır. Ötən illərin təcrübəsi də göstərir ki, Şuşa Bəyannaməsi yalnız bu günün deyil, gələcək onilliklərin də inkişaf istiqamətlərini müəyyən edən tarixi sənəddir. Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətləri bu sənəd sayəsində daha da güclənərək regionun sabitliyinə və tərəqqisinə xidmət etməyə davam edəcəkdir.

.

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

Şərh yazın