Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı

Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı.

 

1990-cı illərin əvvəllərində Azərbaycan çox ağır iqtisadi və siyasi böhranla üzləşmişdi. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkə daxili siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və ərazi bütövlüyü məsələləri ilə qarşı-qarşıya qalmışdı. Ermənistanın işğalı altında olan ərazilər, bir milyon qaçqın və məcburi köçkün problemi, yüksək yoxsulluq və geniş yayılmış işsizlik dövrü Azərbaycanın inkişafını ciddi şəkildə məhdudlaşdırırdı. O dövrdə ölkə enerji ehtiyaclarını təmin etmək üçün xaricdən elektrik enerjisi və təbii qaz idxal etməyə məcbur idi. Belə bir vəziyyətdə Azərbaycanın müstəqil yaşaması və iqtisadiyyatını gücləndirməsi üçün yeganə yol, ölkənin təbii sərvətlərindən səmərəli istifadə etmək idi.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycana rəhbərlik etdiyi dövrdə bu problemli vəziyyətə strateji yanaşdı. Ölkənin zəngin neft və qaz ehtiyatlarını beynəlxalq investisiyalara açmaqla Azərbaycanın enerji sektorunun inkişafı üçün əsas zəmni yaratdı. 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” bunun bariz nümunəsidir. Bu müqavilə Azərbaycanı dünya enerji bazarına birbaşa çıxardı və ölkənin iqtisadi gələcəyini təmin edən fundamental addım oldu.

Bu siyasətlərin davamı olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə enerji sektorunun inkişafı sürətləndi. Azərbaycanın neft və qaz hasilatı xeyli artdı, enerji ixracı ölkənin valyuta ehtiyatlarını möhkəmləndirdi və iqtisadi sabitlik təmin olundu. Eyni zamanda əldə olunan gəlirlər sosial infrastruktur, təhsil, səhiyyə və digər sahələrin inkişafına yönəldildi. Enerji layihələri ilə yanaşı, elektrik stansiyalarının yenilənməsi, enerji effektivliyinin artırılması və yeni enerji layihələrinin reallaşdırılması Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirdi.

Bu transformasiya yalnız iqtisadi deyil, həm də sosial sahədə də əhəmiyyətli nəticələr verdi. Ölkədə yoxsulluq səviyyəsi azaldı, işsizlik müəyyən dərəcədə aradan qaldırıldı və məcburi köçkünlər üçün yaşayış şəraiti yaxşılaşdırıldı. Enerji sektorundakı uğurların digər sahələrə yatırılması, Azərbaycanın həm iqtisadi, həm də sosial inkişafını sürətləndirdi.

Bu gün Azərbaycan enerji sahəsində qazandığı uğurlarla dünya ölkələrinə örnək ola biləcək bir model təqdim edir. 1990-cı illərin əvvəllərində qarşılaşdığı çətinliklərdən çıxaraq, ölkə strateji sərvətlərini səmərəli istifadə edərək həm iqtisadi, həm də sosial inkişafı təmin etdi. Ulu Öndər Heydər Əliyev və İlham Əliyev siyasəti, Azərbaycanın bu sahədə əldə etdiyi uğurların əsasını qoymuş və bu yol, oxşar problemlərlə üzləşən digər ölkələr üçün də dəyərli nümunədir.

Beləliklə, Azərbaycanın enerji sektorundakı inkişafı, təkcə iqtisadi resursların idarə olunması deyil, eyni zamanda sosial rifahın yüksəldilməsi və strateji planlaşdırmanın uğurlu nümunəsidir. Ölkənin təbii sərvətlərdən istifadəsi, həm iqtisadi müstəqilliyi təmin etdi, həm də uzunmüddətli sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaratdı. Bu proses Azərbaycanın müasir tarixində mühüm mərhələ olmaqla yanaşı, regionun digər ölkələri üçün inkişaf modelinə çevrilmişdir.

 

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

Şərh yazın