Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır.

Mən hesab edirəm ki, Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı səsləndirdiyi “Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır” fikri təsadüfi deyil və bu yanaşma konkret tarixi-siyasi faktlara əsaslanır. Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bugünkü səviyyəyə çatması uzun illər ərzində formalaşmış strateji tərəfdaşlıq sənədləri, qarşılıqlı siyasi dəstək və davamlı diplomatik əlaqələrin nəticəsidir. Bu güclü siyasi təməlin əsasını təşkil edən ən mühüm faktlardan biri 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlərdir. 2008-ci ildə Kiyevdə imzalanan sənəd Azərbaycan və Ukrayna arasında münasibətlərin yeni mərhələyə keçidini təmin etmişdir. Həmin sənəd dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini rəsmiləşdirmiş, siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı dəstəyin gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində konkret öhdəliklər müəyyən etmişdir. Bu sənəddə xüsusilə beynəlxalq hüququn prinsiplərinə hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi əsas prioritetlər kimi qeyd olunmuşdur. 2011-ci ildə Bakıda imzalanmış növbəti sənəd isə bu əməkdaşlığın davamlılığını təmin edən və onu daha da möhkəmləndirən mühüm siyasi-hüquqi baza rolunu oynamışdır. Bu sənəd əvvəlki razılaşmaların inkişaf etdirilməsi ilə yanaşı, tərəflər arasında strateji tərəfdaşlığın daha geniş sahələri əhatə etməsini nəzərdə tutmuşdur. Burada siyasi dialoqun davamlılığı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq və regional sabitlik məsələləri xüsusi vurğulanmışdır. Hər iki sənəd birlikdə götürüldükdə, Azərbaycan–Ukrayna münasibətlərinin yalnız cari maraqlara deyil, uzunmüddətli strateji baxışa əsaslandığını açıq şəkildə göstərir.Bu sənədlərin əhəmiyyəti təkcə onların imzalanma faktı ilə məhdudlaşmır. Əsas məsələ ondan ibarətdir ki, bu razılaşmalar sonrakı illərdə real siyasi münasibətlərdə öz əksini tapmışdır. İlham Əliyev və Ukrayna rəhbərliyi arasında müntəzəm keçirilən görüşlər, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və müxtəlif sahələrdə əməkdaşlığın davamlı inkişafı bu sənədlərin praktiki nəticələr verdiyini sübut edir. Digər mühüm məqam ondan ibarətdir ki, hər iki ölkə beynəlxalq platformalarda bir-birinin mövqeyini daim dəstəkləmişdir. Bu xüsusilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilən qərarlarda və çıxışlarda aydın şəkildə görünür. Həm Azərbaycan, həm də Ukrayna öz ərazi bütövlüyü ilə bağlı məsələlərdə ortaq mövqe nümayiş etdirərək bir-birinə siyasi dəstək vermişdir. Bu isə strateji tərəfdaşlığın yalnız formal deyil, real siyasi məzmun daşıdığını göstərir. Bundan əlavə, enerji və nəqliyyat sahəsində əməkdaşlıq da bu güclü siyasi təməlin mühüm tərkib hissəsidir. Azərbaycanın enerji resursları və tranzit imkanları Ukrayna üçün alternativ mənbə və marşrut kimi çıxış edir. Eyni zamanda, Ukraynanın coğrafi mövqeyi Azərbaycanın Avropa ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu qarşılıqlı maraqlar siyasi münasibətlərin iqtisadi əməkdaşlıqla tamamlandığını göstərir. bütün bu faktlar Zelenskinin səsləndirdiyi fikrin tam əsaslı olduğunu sübut edir. “Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır” ifadəsi sadəcə diplomatik ritorika deyil, konkret sənədlərlə, tarixi proseslərlə və real əməkdaşlıq nümunələri ilə təsdiqlənən bir həqiqətdir. 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin hüquqi və siyasi bazasını formalaşdırmış, sonrakı illərdə isə bu baza daha da möhkəmləndirilmişdir. Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq dərin köklərə malikdir və möhkəm siyasi təməl üzərində qurulmuşdur. Bu təməl gələcəkdə münasibətlərin daha da inkişaf etməsinə, yeni strateji layihələrin həyata keçirilməsinə və iki ölkə arasında tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə imkan verəcəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova

Şərh yazın