Azərbaycan–Ukrayna əməkdaşlığı: güclü siyasi təməl və perspektivlər
Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illərdir ki, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. Bu əməkdaşlığın əsasını təşkil edən mühüm amillərdən biri onun möhkəm siyasi təmələ söykənməsidir. Xüsusilə 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər iki ölkə münasibətlərinin inkişafında mühüm rol oynamışdır. Bu sənədlər qarşılıqlı şəkildə ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının tanınmasını və dəstəklənməsini özündə ehtiva edir. Azərbaycan və Ukrayna beynəlxalq münasibətlər sistemində də bir-birinə davamlı dəstək göstərir. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşının suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. Bu, yalnız siyasi həmrəyliyin deyil, eyni zamanda ortaq maraqların və qarşılıqlı hörmətin göstəricisidir. Son dövrlərdə ikitərəfli münasibətlər daha da intensivləşmişdir. Xüsusilə ötən il Bakıda keçirilən Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclası əməkdaşlığın inkişafına yeni təkan vermişdir. Bu görüşlər zamanı müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, iqtisadi və siyasi dialoqun dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Eyni zamanda, bu tədbirlərin növbəti mərhələsinin Ukraynada keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılması əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.
Azərbaycan və Ukrayna arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır və müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Mövcud siyasi baza və qarşılıqlı dəstək münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır. Bu gün əldə olunan nəticələr və aparılan danışıqlar bir daha təsdiqləyir ki, iki ölkə arasında strateji tərəfdaşlıq yalnız formal sənədlərlə məhdudlaşmır, real və davamlı əməkdaşlıqla müşayiət olunur.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə

Şərh yazın