Azərbaycan–Ukrayna münasibətlərində rəmzi və strateji məqamlar

Azərbaycan–Ukrayna münasibətlərində rəmzi və strateji məqamlar

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfərinin məhz Qəbələdə keçirilməsi bir çox baxımdan diqqətçəkən və rəmzi məna daşıyan hadisə kimi qiymətləndirilə bilər. Adətən belə yüksək səviyyəli görüşlərin paytaxt Bakıda keçirilməsi gözlənilsə də, bu dəfə məkan seçimi fərqli oldu və bu fərqlilik təsadüfi deyil. Qəbələ həm tarixi irsi, həm də müasir infrastrukturu ilə Azərbaycanın mühüm regionlarından biridir. Bu şəhər artıq təkcə turizm mərkəzi kimi deyil, həm də beynəlxalq tədbirlərin, siyasi görüşlərin və forumların keçirildiyi nüfuzlu məkana çevrilib.

Qəbələnin seçilməsinin digər mühüm səbəblərindən biri onun siyasi simvolizmi ilə bağlıdır. Məlum olduğu kimi, uzun illər bu ərazidə Rusiyaya məxsus radiolokasiya stansiyası fəaliyyət göstərmişdi. Həmin stansiyanın ölkə ərazisindən çıxarılması Azərbaycanın müstəqil siyasət yürütmək qabiliyyətinin və milli maraqlarını qorumaq əzminin göstəricisi kimi tarixə düşüb. Bu baxımdan, bu gün eyni məkanda Ukrayna Prezidenti ilə görüş keçirilməsi müəyyən mənada yeni geosiyasi reallıqların və dəyişən münasibətlər sisteminin təcəssümü kimi də qəbul oluna bilər.

Volodimir Zelenskinin Azərbaycan Respublikasına Prezident kimi ilk rəsmi səfəri 16–17 dekabr 2019-cu ildə baş tutmuşdu. Həmin səfər zamanı Bakıda keçirilən görüşlər və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləmişdi. Bu sənədlər müxtəlif sahələri əhatə edirdi: energetika, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, innovasiyalar və humanitar əməkdaşlıq. Xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafı sahəsində əldə olunan razılaşmalar uzunmüddətli perspektiv üçün mühüm əhəmiyyət daşıyırdı.

Bu gün Azərbaycan ilə Ukrayna arasında münasibətlər artıq formalaşmış və möhkəmlənmiş siyasi təmələ əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, iki ölkə arasında 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin əsasını təşkil edir. Həmin sənədlərdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər öz əksini tapıb. Bu isə münasibətlərin yalnız maraqlara deyil, həm də ortaq dəyərlərə əsaslandığını göstərir.

Son illərdə Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və institusional dialoqun rolu artıb. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr, hökumətlərarası komissiyanın iclasları və müxtəlif sahələr üzrə işçi qruplarının fəaliyyəti əməkdaşlığın sistemli şəkildə inkişaf etdiyini göstərir. Bu əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, eyni zamanda iqtisadi, sosial və mədəni sahələri də əhatə edir. Qəbələdə keçirilən bu görüş bir daha göstərir ki, Azərbaycan və Ukrayna münasibətləri yalnız formal çərçivədə deyil, real məzmun üzərində qurulub. Bu münasibətlər qarşılıqlı etimad, hörmət və konkret nəticələrə əsaslanır. Sadə vətəndaş baxımından da bu cür əməkdaşlıq müsbət qarşılanır, çünki bu, regionda sabitliyin və inkişafın təmin olunmasına xidmət edir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 

Şərh yazın