Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ilə dünyada unikal təcrübə formalaşdırıb

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ilə dünyada unikal təcrübə formalaşdırıb

Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmətə, beynəlxalq hüquqa sadiqliyə və ən əsası, bir-birinin ərazi bütövlüyünün dəstəklənməsinə əsaslanır. Bu prinsip hər iki dövlət üçün dəyişməz mövqe olaraq qalır. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana son səfəri zamanı da bu mövqe bir daha açıq şəkildə ifadə olundu və münasibətlərin möhkəm təməl üzərində qurulduğu təsdiqləndi.

Məlumdur ki, 2008 və 2011-ci illərdə imzalanmış mühüm sənədlər Azərbaycan–Ukrayna əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Son illərdə dövlət başçıları arasında intensiv təmasların artması isə bu münasibətlərin formal xarakter daşımadığını, əksinə, real və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq olduğunu göstərir.

Qəbələdə keçirilən görüş və verilən bəyanatlar əlaqələrin artıq daha geniş – həm strateji, həm də praktik müstəviyə keçdiyini nümayiş etdirdi. Bu səfər yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional və qlobal geosiyasi kontekstdə mühüm əhəmiyyət daşıyır. Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqət mərkəzində oldu. Azərbaycanın zəngin enerji resursları ilə Ukraynanın tranzit və istehlak imkanları bir-birini tamamlayaraq ciddi sinerji yaradır. Bu sahədə SOCARın Ukraynada uzun illərdir fəaliyyəti əməkdaşlığın real nəticələrindən biridir.

Ticarət dövriyyəsinin yarım milyard dolları keçməsi müsbət göstərici olsa da, hər iki tərəf bunun mövcud potensialdan aşağı olduğunu qəbul edir. Bu isə o deməkdir ki, gələcəkdə yeni investisiya layihələri və birgə təşəbbüslər hesabına iqtisadi əlaqələrin daha da genişlənməsi üçün geniş imkanlar mövcuddur.

Səfər çərçivəsində diqqət çəkən əsas istiqamətlərdən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıq oldu. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişaf etməsi birgə istehsal və texnologiya mübadiləsi üçün əlverişli zəmin yaradır. Xüsusilə anti-dron texnologiyalarının inkişafı istiqamətində əməkdaşlıq perspektivli hesab olunur. Bununla yanaşı, Azərbaycan bu əməkdaşlığın müdafiə xarakterli olduğunu açıq şəkildə bildirir və Rusiya-Ukrayna müharibəsində tərəf olmadığını vurğulayır. Rəsmi Bakı münaqişənin dialoq və qarşılıqlı anlaşma yolu ilə həllini dəstəkləyir.

Humanitar sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hər zaman münaqişələrdən zərər çəkmiş insanlara dəstək göstərən ölkə kimi tanınıb. Ukraynadan olan uşaqlar üçün reabilitasiya proqramlarının təşkili, həmçinin enerji infrastrukturuna zərər dəydiyi dövrdə generatorların göndərilməsi bunun bariz nümunəsidir. Bu addımlar sadəcə siyasi deyil, eyni zamanda insani dəyərlərin təzahürüdür.Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ilə dünyada unikal təcrübə formalaşdırıb. Gələcəkdə Ukraynada da bərpa proseslərində, eləcə də mina təmizləmə sahəsində bu təcrübənin paylaşılması hər iki ölkə üçün faydalı ola bilər.Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Ukrayna arasında münasibətlər təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Bu əlaqələr real layihələr, ortaq maraqlar və qarşılıqlı dəstək üzərində qurulub. Mövcud dinamika isə onu deməyə əsas verir ki, bu tərəfdaşlıq yaxın gələcəkdə daha da güclənəcək və yeni mərhələyə qədəm qoyacaq.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

Şərh yazın