Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var
Latviya Prezidentinin Ölkəmizə səfəri zamanı əldə olunan ən praktik və vətəndaşyönümlü razılaşmalardan biri hava uçuşlarının sayının artırılması ilə bağlıdır. Bu addım sadəcə turizmin inkişafına deyil, həm də iş adamlarının gediş-gəlişinin asanlaşmasına, dolayısı ilə iqtisadiyyatın canlanmasına birbaşa təsir göstərəcəkdir. Münasibətlərin humanitar ölçüsü də kifayət qədər zəngindir. Hazırda Latviyanın nüfuzlu ali təhsil müəssisələrində 450-dən çox azərbaycanlı tələbə təhsil alır. Bu gənclər ölkələrimiz arasında canlı bir mədəniyyət, elm və dostluq körpüsüdür. Onlar gələcəkdə iki xalqın bir-birinə daha da yaxınlaşmasında, ortaq intellektual dəyərlərin yaradılmasında əsas hərəkətverici qüvvə olacaqlar. Prezidentlərin qeyd etdiyi kimi, 20 ildən artıq davam edən şəxsi tanışlıq və yüksək səviyyəli siyasi dialoq Azərbaycan-Latviya əlaqələrinin sarsılmaz təməlini təşkil edir. İmzalanan yeni sənədlər paketi bu etimadı hüquqi müstəvidə daha da möhkəmləndirir və əməkdaşlığın strukturunu genişləndirir.
Ümumilikdə, Edqars Rinkeviçsin Bakı səfəri Azərbaycan-Latviya münasibətlərində yeni, daha dinamik bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Siyasi dialoq ən yüksək zirvədədir, indi qarşıda duran əsas vəzifə bu siyasi iradəni konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar və texnoloji mübadilə ilə daha da dərinləşdirməkdir. Bu strateji xətt hər iki ölkə üçün həm regional, həm də beynəlxalq səviyyədə yeni güc mərkəzləri və əlavə imkanlar yaradacaqdır.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

Şərh yazın