2026-cı il aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən yüksək səviyyəli görüşlər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərini aydın şəkildə müəyyənləşdirən mühüm siyasi-hüquqi baza formalaşdırdı. Bu sənədlər təkcə mövcud münasibətlərin möhkəmləndirilməsi deyil, həm də uzunmüddətli strateji inkişafın konturlarını cızması baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində ümumilikdə bir neçə mühüm sənəd qəbul olunmuşdur. Bunların sırasında ən önəmlisi dövlət başçıları tərəfindən qəbul edilən Birgə Bəyanatdır ki, bu sənəd münasibətlərin strateji xarakterini bir daha təsdiqləyir. Bununla yanaşı, daxili işlər, kənd təsərrüfatı, konsulluq fəaliyyəti, sərhəd təhlükəsizliyi və fitosanitar sahələri əhatə edən əməkdaşlıq sənədləri imzalanmışdır.
Bu sənədlər aşağıdakı istiqamətləri əhatə edir:
- hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlıq,
- kənd təsərrüfatı və aqrar sahədə birgə fəaliyyət,
- diplomatik və konsulluq əlaqələrinin genişləndirilməsi,
- sərhəd təhlükəsizliyi və idarəetmə sahəsində koordinasiya,
- qida təhlükəsizliyi və bitki mühafizəsi sahəsində əməkdaşlıq.
Belə geniş spektrli sənədlər paketi əməkdaşlığın yalnız siyasi deyil, həm də praktiki və iqtisadi müstəvidə inkişafına yönəldiyini göstərir.
İmzalanan sənədlər Azərbaycan–Latviya münasibətlərinin gələcək inkişafının əsas prioritetlərini də müəyyən edir. Bu istiqamətlər aşağıdakılardır:
- İqtisadi və ticari əlaqələrin genişlənməsi-sənədlər xüsusilə kənd təsərrüfatı və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar yaradır. Bu, qarşılıqlı investisiya mühitinin yaxşılaşmasına və biznes əlaqələrinin genişlənməsinə şərait yaradır.
- Təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlıq-daxili işlər və sərhəd xidmətləri arasında imzalanan razılaşmalar regional təhlükəsizliyin gücləndirilməsinə xidmət edir və transmilli təhdidlərə qarşı birgə mübarizə imkanlarını artırır.
- Diplomatik əlaqələrin dərinləşdirilməsi -konsulluq sahəsində əməkdaşlıq haqqında memorandum və Birgə Bəyanat siyasi dialoqun davamlı və sistemli şəkildə inkişaf etdiriləcəyini göstərir.
- Aqrar və ekoloji sahədə tərəfdaşlıq-kənd təsərrüfatı və bitki mühafizəsi üzrə sənədlər ərzaq təhlükəsizliyi və müasir aqrotexnologiyaların tətbiqi baxımından mühüm perspektivlər açır.
Münasibətlərin yeni mərhələsi-bu sənədlər paketi Azərbaycan və Latviya arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Artıq əməkdaşlıq yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, konkret layihələr və praktiki təşəbbüslərlə zənginləşir. Ekspertlər də qeyd edir ki, bu səfər və imzalanan sənədlər tərəfdaşlığın real məzmunla doldurulduğunu nümayiş etdirir.
İmzalanan sənədlər Azərbaycan–Latviya əlaqələrinin gələcək inkişafının aydın və sistemli mənzərəsini formalaşdırır. Bu sənədlər yalnız cari əməkdaşlığın deyil, həm də uzunmüddətli perspektivdə Azərbaycan ilə Latviya arasında çoxşaxəli və dayanıqlı tərəfdaşlığın əsasını təşkil edir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

Şərh yazın