Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi
Aprelin 22-də Bakıda İlham Əliyev ilə Edqars Rinkeviçs arasında keçirilən görüş və səfərin yekunlarına dair verilən bəyanatlar Azərbaycan–Latviya münasibətlərinin davamlı inkişaf etdiyini bir daha göstərdi. Səfər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər və təşkil olunan biznes forum əməkdaşlığın daha geniş miqyasda dərinləşdirilməsi üçün mühüm zəmin yaratdı. Bu səfər həm siyasi dialoqun möhkəmləndirilməsi, həm də iqtisadi və humanitar sahələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.
Dövlət başçılarının çıxışlarında xüsusi vurğulanan məqamlardan biri iki ölkə arasında formalaşmış güclü siyasi dialoqdur. Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə yalnız ikitərəfli münasibətlər deyil, həmçinin beynəlxalq gündəmin aktual məsələləri də ətraflı şəkildə müzakirə olunub. Bu isə tərəflərin qlobal proseslərə münasibətdə oxşar yanaşmalara malik olduğunu və qarşılıqlı dəstək prinsipinə əsaslandıqlarını nümayiş etdirir.
Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin inkişafında mühüm rol oynamaqda davam edir. Həmin sənəd əməkdaşlığın sistemli şəkildə genişlənməsinə imkan yaradaraq əldə olunan uğurlu nəticələrin əsasını təşkil edir.
Bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiyanın iclasının Qarabağda keçirilməsi xüsusi simvolik əhəmiyyət daşıyır. Bu toplantı çərçivəsində müzakirə olunan məsələlər və irəli sürülən təşəbbüslər əməkdaşlığın konkret layihələr üzərində qurulduğunu göstərir. Perspektiv planlar və birgə layihələr iqtisadi əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə işarə edir.
Bakıda keçirilən Azərbaycan–Latviya biznes forumu iqtisadi əməkdaşlığın inkişafında mühüm platforma rolunu oynadı. Hər iki ölkənin işgüzar dairələrinin fəal iştirakı tərəfdaşlığa olan marağın yüksək səviyyədə olduğunu sübut edir. Forum çərçivəsində əldə olunan razılaşmalar və qurulan əlaqələr gələcək layihələrin həyata keçirilməsi üçün real imkanlar yaradır.
Qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal sahələrinin yaradılması və ticarət dövriyyəsinin artırılması iqtisadi əməkdaşlığın prioritet istiqamətlərindəndir. Bu sahədə atılacaq addımlar münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradacaq.
Bununla yanaşı, investisiya mühitinin şəffaflaşdırılması, biznes əlaqələrinin gücləndirilməsi və informasiya mübadiləsinin genişləndirilməsi tərəfdaşlığın davamlı inkişafını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər planlar və investisiya imkanları barədə mütəmadi məlumat mübadiləsi aparmaq barədə razılığa gəliblər ki, bu da şirkətlərin fəaliyyətini daha səmərəli planlaşdırmasına imkan verəcək.
Görüş zamanı birbaşa aviareyslərin təşkili məsələsi də diqqət mərkəzində olub. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi nəqliyyat, turizm və biznes əlaqələrinin inkişafına müsbət təsir göstərəcək. Birbaşa uçuşların tətbiqi ölkələr arasında əlaqələrin daha sürətli və effektiv qurulmasına şərait yaradacaq.
Humanitar sahədə əməkdaşlıq da münasibətlərin vacib istiqamətlərindən biridir. Latviyada yüzlərlə azərbaycanlı tələbənin təhsil alması bu əlaqələrin real nəticələrini göstərir və gələcək əməkdaşlıq üçün möhkəm sosial baza formalaşdırır.
Fuad Eyvazov – Zərdab rayonu, Məmmədqasımlı kənd sakini, sahibkar

Şərh yazın