Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür

Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür.

Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa əsaslanan model üzərində formalaşıb. Xarici siyasətimizin  prioritet istiqamətlərindən biri olan müxtəlif dövlətlərlə  ikitərəfli əlaqələrimiz  uğurla inkişaf edir. Təbii ki, bu əməkdaşlıq həm ölkələrə malik olduqları potensialı təqdim etmək, həm də səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda gələcək üçün müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmaq imkanı yaradır. Bunun üçün  təkcə cari ilin ötən dövründə  qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək kifayətdir.  Azərbaycan ikitərəfli əməkdaşlıqda Baltikyanı ölkələrlə əlaqələrə də xüsusi önəm verir. Bu dövlətlərlə əlaqələr müasir dövrdə yeni məzmun kəsb edərək xüsusilə mədəniyyət, parlamentlərarası dialoq və iqtisadi sahələrdə genişlənir.

Azərbaycanın Avropa ilə münasibətləri  strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulmuş dinamik bir modeldir. Rəsmi Bakı Avropa İttifaqı  və ona üzv ölkələrlə əlaqələrini Avrasiyanın logistik xəritəsini formalaşdıran mühüm geosiyasi aktor statusunda inkişaf etdirir. Prezident cənab İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı qeyd etdi ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Bu layihələr Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Ölkəmiz Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir. Azərbaycan və Latviya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları, həmçinin  əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması  bütün bu məqamlara bir daha işıq saldı.  Qeyd etdiyimiz kimi, dövlətlərarası əlaqələrin inkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır.  Azərbaycan ilə Latviya arasında bugünədək 50-yə yaxın sənəd imzalanıb.  Sözügedən səfər çərçivəsində  Prezident İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış bir sıra sənədlərin  mübadiləsi mərasimi oldu. Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər. Latviya Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafına böyük töhfə kimi dəyərləndirilir. Prezident cənab İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda çıxışında qeyd etdi ki, müzakirə etdiyimiz bir çox məsələlər arasında iqtisadi tərəfdaşlıq mövzusu da var idi. Xüsusilə bu gün təşkil olunan biznes-forum birlikdə çalışmaq üçün qarşılıqlı istəyimizi real şəkildə nümayiş etdirir. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Ümumilikdə hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi

Şərh yazın