Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir

Rayonun yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir

 

26 avqust – Laçın şəhəri günü münasibətilə işğaldan azad edilmiş Laçın rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri xüsusi diqqət çəkir. Bu layihələr sırasında yol-nəqliyyat infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğun şəkildə qurulması mühüm yer tutur. Laçının mürəkkəb dağlıq relyefi nəzərə alınmaqla inşa edilən yeni yollar, körpülər və tunellər rayonun nəqliyyat imkanlarının genişləndirilməsinə, əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.

İşğal dövründə rayonun yol infrastrukturu baxımsız vəziyyətə salınmış, bir sıra yollar dağıdılmış və nəqliyyat əlaqələri məhdudlaşdırılmışdı. Bu gün isə Laçında tamamilə yeni nəqliyyat şəbəkəsi formalaşdırılır. Yolların yenidən qurulması təkcə şəhər və kəndlər arasında əlaqələrin yaxşılaşdırılması baxımından deyil, həm də regionun iqtisadi, turizm və sosial potensialının inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. Bu göstəricilər layihənin miqyasını və Laçının nəqliyyat imkanlarının gələcəkdə nə dərəcədə əhəmiyyətli dərəcədə yaxşılaşacağını aydın şəkildə nümayiş etdirir.

Kəlbəcər-Laçın avtomobil yolunun inşası bölgənin digər ərazilərlə nəqliyyat əlaqələrinin daha da möhkəmləndirilməsinə imkan yaradacaq. Yolun texniki göstəricilərinin yüksək olması səfər müddətinin qısalmasına, hərəkətin təhlükəsizliyinin və rahatlığının artırılmasına şərait yaradacaq. Xüsusilə dağlıq ərazilərdə tunel və körpülərin inşası nəqliyyatın fasiləsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Rayonda həyata keçirilən yol layihələri Böyük Qayıdış prosesinin də mühüm tərkib hissəsidir. Doğma yurdlarına qayıdan sakinlərin rahat yaşayışı üçün müasir yaşayış məntəqələri ilə yanaşı, keyfiyyətli yol infrastrukturu da yaradılır. Yeni yollar insanların iş, təhsil, səhiyyə və digər xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, rayonun kəndləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edir.

Müasir yol-nəqliyyat infrastrukturu Laçının iqtisadi inkişafı üçün də yeni imkanlar açır. Rayonun təbii gözəllikləri, dağlıq landşaftı və turizm potensialı nəzərə alındıqda, rahat nəqliyyat əlaqələrinin yaradılması gələcəkdə turist axınının artmasına, yeni xidmət sahələrinin və biznes imkanlarının formalaşmasına şərait yarada bilər. Bununla yanaşı, yeni yollar Laçının Qarabağ və Şərqi Zəngəzurun digər yaşayış məntəqələri ilə inteqrasiyasını daha da sürətləndirəcək.

26 avqust – Laçın şəhəri günü bir tərəfdən şəhərin azadlığını və tarixi ədalətin bərpasını qeyd etdiyimiz əlamətdar tarixdirsə, digər tərəfdən onun gələcəyə doğru inkişaf yolunu nümayiş etdirən gündür. Bu gün Laçında salınan hər yeni yol, inşa edilən hər körpü və tunel şəhərin və rayonun sürətli inkişafına xidmət edir. Yenilənən yol-nəqliyyat infrastrukturu Laçının dirçəlişinin mühüm göstəricisi olmaqla, Böyük Qayıdışın davamlı və dayanıqlı xarakter daşıdığını bir daha təsdiqləyir.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

Şərh yazın