26 Avqust – Laçın şəhəri günü.
Laçın azad ediləndən sonra rayonda çox böyük işlər həyata keçirilib. İndi Laçın böyük bir tikinti meydançasını xatırladır. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib. 2025-ci il may ayında 11,2 ha ərazidə “Laçın” İstirahət Kompleksi istifadəyə verilib. May ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdöğanın iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, sonra iki qardaş ölkənin rəhbərləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Həmçinin ötən il mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Həmin gün Laçında hər üç dövlətin rəhbərlərinin iştirakı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. Nəhayət 2025-ci il iyulun 11-də Prezident İlham Əliyev Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib və “Həkəriçay” su anbarının təməlini qoyub. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr döğma yurdlarına qayıdıblar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Qazanılan zəfərdən keçən qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. 2023-cü il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Prezident cənab İlham Əliyev 2023-cü il avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”. Prezident İlham Əliyevin son altı ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.

Şərh yazın