Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir

Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir.

 

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yüksələn xətlə inkişaf edərək siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilib. Tarixi və mədəni yaxınlıq, qarşılıqlı etimad və dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə iki ölkənin əlaqələrinin möhkəm təməl üzərində inkişafını təmin edir. Bu münasibətlərdə diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın və Özbəkistanın beynəlxalq və regional məsələlərdə bir-birinin mövqelərinə verdiyi ardıcıl dəstəkdir.

İki ölkənin qarşılıqlı əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Özbəkistan beynəlxalq və regional təşkilatlar çərçivəsində də qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq edir, bir sıra təşəbbüslərdə həmrəylik nümayiş etdirirlər. Bu yanaşma dövlətlər arasında siyasi etimadın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, Türk dünyasında birlik və həmrəyliyin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iki ölkənin beynəlxalq müstəvidə əməkdaşlığını yüksək qiymətləndirərək deyib: “Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin – Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur.

Azərbaycan və Özbəkistanın çoxtərəfli platformalarda əməkdaşlığı onların regional proseslərdə fəal rolunu da gücləndirir. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətə xüsusi önəm verir. Qarşılıqlı dəstək bu prinsiplərin müdafiəsi və regional sabitliyin möhkəmləndirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Azərbaycan–Özbəkistan əməkdaşlığının digər mühüm xüsusiyyəti qarşılıqlı münasibətlərin müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində də inkişaf etdirilməsidir. Bu platformalarda aparılan dialoq iki ölkəyə ortaq maraq doğuran məsələlər üzrə mövqelərini əlaqələndirmək, təşəbbüsləri dəstəkləmək və regional əməkdaşlığın inkişafına töhfə vermək imkanı yaradır. Belə əməkdaşlıq həm də Azərbaycan və Özbəkistanın beynəlxalq nüfuzunun və qarşılıqlı siyasi çəkisinin artmasına xidmət edir.

İki ölkə arasındakı həmrəyliyin xüsusi əhəmiyyət daşıdığı istiqamətlərdən biri də Türk dünyasında inteqrasiya prosesləridir. Azərbaycan və Özbəkistanın ortaq tarixi, dili və mədəni dəyərləri onları bu proseslərdə təbii tərəfdaşlara çevirir. Qarşılıqlı dəstəyin gücləndirilməsi Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verir.

Bu gün Azərbaycan–Özbəkistan münasibətləri qarşılıqlı etimadın, strateji maraqların və möhkəm dostluğun nümunəsi kimi xarakterizə oluna bilər. İki ölkənin yalnız ikitərəfli deyil, çoxtərəfli formatlarda da bir-birini dəstəkləməsi əldə olunan nəticələrin davamlılığını təmin edən mühüm amillərdəndir. Dövlət başçılarının siyasi iradəsi və xalqlar arasında mövcud olan tarixi yaxınlıq gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.

 

Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın