Media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb

Media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb.

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə siyasi, iqtisadi və humanitar sahələrlə yanaşı, media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq istiqamətində də yeni məzmun qazanıb. İki qardaş ölkənin jurnalistləri, media qurumları və qeyri-hökumət təşkilatları arasında birbaşa əlaqələrin genişlənməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu baxımdan keçirilən birgə forumlar yalnız fikir mübadiləsi platforması deyil, həm də konkret təşəbbüslərin reallaşdırıldığı mühüm əməkdaşlıq mexanizmi kimi diqqət çəkir.
Azərbaycan–Özbəkistan media əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsində media forumlarının xüsusi rolu var. Daşkənddə və Bakıda keçirilən forumlar iki ölkənin media nümayəndələrinin qarşılıqlı təcrübə mübadiləsinə, müasir informasiya mühitinin çağırışlarının müzakirəsinə və birgə layihələrin müəyyənləşdirilməsinə imkan yaradıb. Eyni zamanda, QHT Əməkdaşlıq Forumları çərçivəsində qurulan əlaqələrin artıq praktiki layihələrə çevrilməsi Azərbaycan–Özbəkistan münasibətlərində vətəndaş cəmiyyəti institutlarının da fəal iştirak etdiyini göstərir.
Cənab Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində media və QHT sahəsində əməkdaşlığın nəticələrinə toxunaraq deyib: “Media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrın 23-25-də Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrın 29-da isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib. 2023-cü ildə Füzulidə 1-ci Azərbaycan-Özbəkistan QHT Əməkdaşlıq Forumu, 2024-cü ildə isə Daşkənddə 2-ci Özbəkistan-Azərbaycan QHT Əməkdaşlıq Forumu təşkil olunub. Bu forumların praktik nəticəsi olaraq, 2026-cı ildə iki qardaş ölkə birlikdə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan edib. Həmin müsabiqənin nəticələrinə əsasən, Azərbaycandan qalib layihələr Özbəkistanda, Özbəkistandan qalib layihələr isə Azərbaycanda həyata keçiriləcək.” Dövlət başçısının qeyd etdiyi bu məqamlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında media və QHT sahəsində əməkdaşlıq artıq tədbirlərin keçirilməsi ilə məhdudlaşmır. Forumlarda səsləndirilən ideyaların konkret layihələrə çevrilməsi iki ölkənin bu istiqamətdə əməkdaşlığa strateji yanaşmasının göstəricisidir. Xüsusilə ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi və qalib layihələrin qarşılıqlı şəkildə hər iki ölkədə həyata keçirilməsi əməkdaşlığın yeni, praktiki mərhələyə keçdiyini nümayiş etdirir.
Media forumlarının keçirilməsi isə informasiya sahəsində qarşılıqlı əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə informasiya mühiti ölkələr və xalqlar arasında münasibətlərin formalaşmasına mühüm təsir göstərir. Azərbaycan və Özbəkistan media nümayəndələrinin mütəmadi görüşləri qarşılıqlı informasiya mübadiləsinin genişlənməsinə, iki ölkənin ictimaiyyətinin bir-birinin həyatında baş verən proseslər barədə daha dolğun məlumat əldə etməsinə imkan verir.
QHT-lər arasında əməkdaşlığın genişlənməsi də ikitərəfli münasibətlərin ictimai dayaqlarını gücləndirən mühüm amildir. Vətəndaş cəmiyyəti institutlarının müxtəlif sosial, mədəni, humanitar və ictimai layihələrdə birgə iştirakı xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Azərbaycan və Özbəkistan QHT-lərinin qarşılıqlı layihələr həyata keçirməsi isə hər iki ölkənin ictimai fəallarının təcrübə mübadiləsinə və yeni təşəbbüslərin meydana çıxmasına imkan verir.
Qrant müsabiqəsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Qalib layihələrin müəlliflərinin digər ölkədə fəaliyyət göstərməsi yalnız maliyyə dəstəyi mexanizmi deyil, həm də iki ölkənin vətəndaş cəmiyyəti institutlarının birbaşa əməkdaşlığı üçün yeni platformadır. Belə təşəbbüslər Azərbaycan və Özbəkistan arasında humanitar əlaqələrin genişlənməsinə, sosial layihələrin təcrübə mübadiləsinə və qarşılıqlı faydalı təşəbbüslərin sayının artmasına xidmət edəcəkdir.

Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini

Şərh yazın