Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi

Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi.

 

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyaraq siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edən genişmiqyaslı əməkdaşlıq modelinə çevrilib. İki ölkəni birləşdirən tarixi və mədəni bağlar, qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradıb. Bu münasibətlərdə dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi əhəmiyyət daşıyaraq əldə olunmuş razılaşmaların konkret məzmunla zənginləşməsinə və ikitərəfli əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə imkan verib.

Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin strateji xarakterini nümayiş etdirməklə yanaşı, əlaqələrin hüquqi-siyasi bazasının daha da möhkəmləndirilməsinə mühüm töhfə verib. Xüsusilə dövlət səfərləri çərçivəsində imzalanan mühüm sənədlər Bakı ilə Daşkənd arasında qarşılıqlı münasibətlərin uzunmüddətli perspektivdə inkişafı üçün möhkəm zəmin formalaşdırıb. Bu baxımdan 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərin tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Cənab Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafındakı rolunu xüsusi vurğulayaraq deyib: “Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. 2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.” Dövlət başçısının bu fikirləri Azərbaycan və Özbəkistan münasibətlərinin hazırkı səviyyəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ifadə edir. Qarşılıqlı dövlət səfərləri zamanı əldə olunan razılaşmalar təsadüfi xarakter daşımır. Əksinə, bu sənədlər iki ölkənin uzunmüddətli əməkdaşlıq baxışının, qarşılıqlı siyasi iradəsinin və bir-birinə olan etimadının hüquqi müstəvidə təsbit olunmasının göstəricisidir.

Müttəfiqlik münasibətlərinin möhkəmlənməsi eyni zamanda Azərbaycan və Özbəkistanın regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyinin daha da güclənməsinə şərait yaradır. Hər iki dövlətin müstəqilliyə, suverenliyə və ərazi bütövlüyünə verdiyi önəm, beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyi onları bir sıra məsələlərdə yaxın mövqelərdə birləşdirir. Bu baxımdan Bakı–Daşkənd münasibətləri yalnız ikitərəfli əməkdaşlıq modeli deyil, həm də regionlararası əlaqələrin inkişafına töhfə verən mühüm tərəfdaşlıq nümunəsidir.

 

Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi

Şərh yazın