Azərbaycan şirkətləri Özbəkistanda sənaye və tikinti sahələrində də layihələr həyata keçirmək imkanlarını genişləndirir
Son illərdə imzalanan əməkdaşlıq sənədləri quru tikinti qarışıqları, gipsokarton istehsalı və yaşayış binalarının tikintisi kimi sahələri əhatə edir. Bu layihələr Azərbaycan şirkətlərinin Özbəkistan bazarına daxil olmasına və orada istehsal imkanlarının yaradılmasına şərait yaradır. Məsələn, Namanqan şəhərində yaşayış evlərinin tikintisi ilə bağlı layihələr iki ölkə arasında tikinti sektorunda əməkdaşlığın genişləndiyini göstərir. Özbəkistanda böyük şəhərlərin və yeni yaşayış məntəqələrinin inkişafı tikinti materiallarına, yeni texnologiyalara və təcrübəli şirkətlərə ehtiyacı artırır. Azərbaycan şirkətləri isə bu imkanlardan istifadə edərək Özbəkistan iqtisadiyyatında daha fəal iştirak edə bilirlər. Bu cür layihələrin əsas üstünlüyü ondan ibarətdir ki, yalnız investor qazanmır. Həm də layihənin həyata keçirildiyi ölkənin iqtisadiyyatına və insanlarına fayda verir. Yeni müəssisələr açılır, yeni iş yerləri yaranır, yerli mütəxəssislərin təcrübəsi artır və yeni texnologiyalar tətbiq olunur. Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığı yeni sahələrə də yayılır. 2026-cı ildə Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafı çərçivəsində “AzerGold”, Özbəkistanın “Uzbekgeologorazvedka” şirkəti və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin iştirakı ilə geoloji kəşfiyyat sahəsində üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı sənəd imzalanıb. Bu təşəbbüs Özbəkistan ərazisində perspektivli sahələrin araşdırılmasını və gələcəkdə iqtisadi baxımdan səmərəli layihələrin hazırlanmasını nəzərdə tutur. Bu isə göstərir ki, Azərbaycan investisiyaları və şirkətləri artıq yalnız bir neçə sahə ilə məhdudlaşmır, həm də dağ-mədən və təbii sərvətlərin araşdırılması istiqamətində yeni imkanlar əldə edir.
İnvestisiya qoyuluşu yalnız pulun başqa ölkəyə yatırılması demək deyil. Əslində, investisiya yeni əməkdaşlıq, təcrübə mübadiləsi və gələcək inkişaf üçün imkanlar yaradır. Azərbaycan şirkəti Özbəkistanda layihə həyata keçirəndə həmin layihəyə yerli işçilər cəlb olunur, yerli şirkətlərlə əməkdaşlıq edilir və xidmət sahələrinin inkişafına şərait yaranır.
Eyni zamanda, Azərbaycan investorları Özbəkistanın böyük və sürətlə inkişaf edən bazarından faydalanmaq imkanı əldə edirlər. Özbəkistanın böyük əhalisi, geniş istehlak bazarı və inkişaf edən iqtisadiyyatı xarici investorlar üçün cəlbedici imkanlar yaradır. Azərbaycan üçün də Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi tərəfdaşlarından biridir. Özbəkistanda həyata keçirilən layihələr Azərbaycan şirkətlərinin regionda mövqeyini gücləndirir. Bu layihələr gələcəkdə digər Mərkəzi Asiya ölkələrində də yeni investisiya imkanlarının yaranmasına səbəb ola bilər. İki ölkə arasında həyata keçirilən layihələrin maliyyələşdirilməsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də mühüm rol oynayır. Şirkətin ümumi kapitalı 500 milyon ABŞ dollarıdır və onun əsas məqsədi həm Azərbaycanda, həm də Özbəkistanda perspektivli layihələrə sərmayə qoymaqdır. Bu qurum iki ölkənin iş adamları və şirkətləri üçün mühüm əməkdaşlıq platforması hesab olunur.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam orta ümümtəhsil məktəbinin direktoru

Şərh yazın