Azərbaycan və Türkiyə arasındakı münasibətlər əsrlər boyu formalaşmış ortaq tarixə, eyni dilə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır
2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində mühüm tarixi hadisə baş verdi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldıraraq iki qardaş ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirdi. Şuşa Bəyannaməsinin imzalanması təsadüfi deyildi. Sənəd Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra, işğaldan azad edilmiş Şuşa şəhərində imzalandı. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının, həm də Azərbaycan-Türkiyə birliyinin bütün dünyaya nümayiş etdirilməsinin rəmzi ifadəsi idi. Azərbaycan və Türkiyə arasındakı münasibətlər əsrlər boyu formalaşmış ortaq tarixə, eyni dilə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır. Məhz buna görə də iki xalq bir-birini qardaş xalq kimi qəbul edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edir. Şuşa Bəyannaməsi də məhz bu qardaşlığın və dostluğun hüquqi-siyasi müstəvidə daha da möhkəmləndirilməsi deməkdir.
Bu sənədin əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyə münasibətləri artıq sadəcə dostluq və qardaşlıq səviyyəsində deyil, rəsmi müttəfiqlik səviyyəsində təsbit olunub. Bu isə o deməkdir ki, hər iki dövlət milli maraqların qorunması, təhlükəsizliyin təmin olunması və regional məsələlərdə ortaq mövqedən çıxış etmək istiqamətində daha sıx əməkdaşlıq edəcək.
Şuşa Bəyannaməsində siyasi əməkdaşlıq xüsusi yer tutur. Sənədə əsasən, Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməyə, qlobal və regional məsələlərdə məsləhətləşmələr aparmağa və ortaq fəaliyyət göstərməyə davam edəcəklər. Bu yanaşma hər iki ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Müttəfiqlik sənədinin ən vacib istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsidir. Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yaranarsa, qarşılıqlı məsləhətləşmələr aparılacaq və zəruri tədbirlər görüləcək. Bu müddəa iki ölkə arasındakı münasibətlərin nə qədər möhkəm olduğunu göstərir.
Son illərdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sürətlə inkişaf edib. Birgə hərbi təlimlər keçirilir, müdafiə sənayesi sahəsində əməkdaşlıq genişlənir, müasir texnologiyaların tətbiqi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu əməkdaşlıq hər iki ölkənin müdafiə qabiliyyətinin güclənməsinə mühüm töhfə verir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Şərh yazın