Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir

Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir

Prezident cənab İlham Əliyevin Avropa çempionatında komanda hesabında qalib olan güləşçilərimizi qəbul etməsi ölkəmizdə idmanın inkişafına verdiyi xüsusi önəmin bariz nümunəsidir. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan millisinin 6-cı dəfə Avropa çempionu olması güləşçilərimizin qitənin ən güclü olduqlarını bir daha təsdiqlədi. Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız da Avropanın zirvəsini fəth etdi. Millimiz Albaniyada medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb: 3 qızıl, 2 gümüş və 1 bürünc medal. Bu, 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir. Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Cənab Prezident, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. İdmançılarımız müxtəlif idman növləri üzrə Avropa, Dünya və Olimpiya oyunlarında, həmçinin nüfuzlu beynəlxalq yarışlarda qalib adını qazanaraq Azərbaycanın Bayrağının ən yüksəkliyə qaldırılmasına və Dövlət Himnimizin səsləndirilməsinə nail olurlar. Qalib güləşçiləri təbrik edən dövlətimizin başçısı bu qələbənin bizim hamımızı sevindirdiyini dedi: “Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə, nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir”. Ölkəmizdə güləş idman növünün böyük ənənələri var, idmançılarımız bu gün də bu ənənələri yaşadırlar. Hazırda təcrübəli güləşçilərlə bərabər gənc güləşçilərimizin də böyük nəticələr əldə etməsi idmanın bu növünün sürətlə inkişaf etməsindən xəbər verir. Hər dəfə nüfuzlu turnirlərdə, Avropa, Dünya və Olimpiya oyunlarında Dövlət bayrağımız ən yüksəkliyə qaldırılanda və Dövlət Himnimiz səsləndiriləndə bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini xalqımıza idmançılarımız bəxş edir və bu da, öz növbəsində, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

Şərh yazın