Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır

Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır.

 Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan son illərdə hərtərəfli və davamlı inkişaf yolu keçmişdir. İqtisadi gücün artması, müasir infrastrukturun qurulması, qeyri-neft sektorunun inkişafı və milli təhlükəsizlik sahəsində əldə olunan uğurlar ölkəmizin dayanıqlı dövlətə çevrilməsini təmin etmişdir. Xüsusilə müdafiə qabiliyyətinin gücləndirilməsi və yerli sənaye potensialının artırılması istiqamətində həyata keçirilən siyasət Azərbaycanın müstəqil və güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir.

2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olunmuşdur. Əməkdaşlığın ən mühüm sahələrindən biri kimi müdafiə sənayesi xüsusi diqqət mərkəzində olmuşdur. Bu sahədə artıq formalaşmış əlaqələrin daha da genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi tərəflərin ortaq maraqlarına uyğundur. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı qeyd etmişdir: “Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır. Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.” Bu fikirlər göstərir ki, Azərbaycan müdafiə sənayesini yalnız idxal yönümlü deyil, həm də istehsal və texnologiya transferinə əsaslanan sahə kimi inkişaf etdirmək niyyətindədir. Çexiya isə bu sahədə zəngin təcrübəyə malik ölkə kimi Azərbaycan üçün mühüm tərəfdaş hesab olunur. Birgə istehsal layihələri hər iki ölkə üçün iqtisadi və texnoloji baxımdan əlavə dəyər yarada bilər.

Hökumətlərarası əməkdaşlıq mexanizmlərinin aktivləşdirilməsi münasibətlərin sistemli inkişafına təkan verəcək. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpası və intensivləşdirilməsi müxtəlif sahələr üzrə layihələrin koordinasiyasını təmin edəcək və əldə olunan razılaşmaların icrasını sürətləndirəcək. Bu səfər Azərbaycan ilə Çexiya arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm zəmin yaratdı. Xüsusilə müdafiə sənayesi sahəsində planlaşdırılan layihələr iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək və qarşılıqlı etimadı gücləndirəcək.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

Şərh yazın