Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür.
2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlərdə iqtisadi, enerji və siyasi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Xüsusilə enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi ön plana çıxdı və tərəflər bu sahədə qarşılıqlı maraqların üst-üstə düşdüyünü vurğuladılar.
Azərbaycan son illərdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilib. Xəzər regionunun zəngin enerji resursları və həyata keçirilən iri infrastruktur layihələri Azərbaycanın qaz ixracını genişləndirməsinə imkan yaradıb. Bu kontekstdə Çexiya ilə əməkdaşlıq yalnız ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından deyil, həm də Avropanın enerji şaxələndirilməsi siyasətinə töhfə kimi qiymətləndirilir. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı bu məsələyə xüsusi diqqət yetirərək qeyd etdi ki; “Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”. Bu fikirlər göstərir ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, eyni zamanda strateji tərəfdaşlıq platforması kimi formalaşdırır. Çexiya isə Mərkəzi Avropada yerləşən mühüm sənaye ölkəsi olaraq alternativ enerji mənbələrinə çıxışını genişləndirməkdə maraqlıdır. Bu baxımdan, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq həm regional, həm də qlobal səviyyədə əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində əldə olunan razılaşmaların gələcəkdə konkret layihələrə çevrilməsi gözlənilir. Bu layihələr yalnız enerji sektorunu deyil, həm də nəqliyyat, texnologiya və investisiya sahələrini əhatə edəcəkdir.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru

Şərh yazın