Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər 1992-ci ildən etibarən uğurla inkişaf edir

Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlər 1992-ci ildən etibarən uğurla inkişaf edir

2026-cı il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Qəbələ şəhərində dövlət başçılarının həm təkbətək, həm də geniş tərkibdə görüşləri keçirildi. Görüş zamanı liderlər əvvəlki təmaslarını müsbət dəyərləndirərək, bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafı üçün yeni imkanlar açacağını vurğuladılar. Danışıqlarda enerji sektoru başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı istiqamətində birgə fəaliyyət, eləcə də Hökumətlərarası Komissiyanın rolu ətrafında fikir mübadiləsi aparıldı. İkitərəfli münasibətlərin inkişafına təsir göstərən əsas amillərdən biri dövlətlər arasında qarşılıqlı səfərlərin intensivliyi və davamlı xarakter almasıdır. Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursunda həm ikitərəfli əməkdaşlığa, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilir və bu yanaşma müasir geosiyasi reallıqlarda açıq şəkildə öz əksini tapır. Son illərdə Prezident İlham Əliyev tərəfindən xarici dövlət başçıları ilə keçirilən görüşlərin təkcə Bakı şəhərində deyil, ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təşkil olunması artıq formalaşmış siyasi ənənəyə çevrilib. Bu yanaşma həm regionların inkişafına diqqətin göstəricisi, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni reallıqların nümayişidir.

Ukrayna Prezidenti Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımı, xüsusilə müharibədən zərər çəkmiş uşaqlara yönəlik diqqət və qayğını yüksək qiymətləndirərək minnətdarlığını ifadə etdi. Eyni zamanda yaxın gələcəkdə bir qrup ukraynalı tələbənin reabilitasiya və mədəni tanışlıq məqsədilə Azərbaycana səfərinin planlaşdırıldığı qeyd olundu. Bu kimi təşəbbüslər humanitar sahədə əlaqələrin dərinləşməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Azərbaycan ilə Ukrayna arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq əməkdaşlığın iqtisadi, ticarət, mədəni və digər istiqamətlər üzrə inkişafına güclü təkan verir. İki ölkə yalnız ikitərəfli formatda deyil, həm də Birləşmiş Millətlər Təşkilatı, ATƏT, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda da qarşılıqlı dəstək nümayiş etdirirlər.

. Bu müddət ərzində yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası dialoq və parlamentlərarası əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın möhkəm siyasi və hüquqi bazasını formalaşdırıb. Bu sənədlərdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı dəstək açıq şəkildə əks olunub. Azərbaycan öz xarici siyasətini milli maraqlar əsasında quraraq beynəlxalq hüququn əsas prinsiplərinə sadiq qalır. Ölkə bütün münaqişələrin sülh yolu ilə, dialoq və qarşılıqlı anlaşma şəraitində həllini dəstəkləyir. Azərbaycan uzun illər ərzində ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş dövlət kimi bu prinsiplərə xüsusi həssaslıqla yanaşır. Bu baxımdan rəsmi Bakı Ukrayna ilə Rusiya arasında davam edən münaqişənin də diplomatik yollarla həllinin tərəfdarıdır. Azərbaycanın regionda artan nüfuzu və etibarlı tərəfdaş imici onu mühüm diplomatik platformaya çevirib. Bu səbəbdən gələcəkdə ölkənin müxtəlif beynəlxalq danışıqlar üçün vasitəçi və ya ev sahibi kimi çıxış etməsi ehtimalı yüksək qiymətləndirilir. Ukrayna Prezidenti də çıxışında müxtəlif formatlarda aparılan danışıqlara toxunaraq belə görüşlərin Azərbaycanda keçirilməsinin mümkünlüyünü qeyd edib.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Şərh yazın