Azərbaycan və Latviya arasında münasibətlərin tarixi kökləri keçmiş Sovet İttifaqı dövrünə gedib çıxır
Azərbaycan Baltikyanı ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu regionla əlaqələr son illərdə yeni məzmun kəsb edərək daha çox iqtisadi, mədəni və parlamentlərarası sahələrdə inkişaf edir. Xüsusilə Edqars Rinkeviçs-in Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlərdə əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsi əsas müzakirə mövzularından biri olub.
Azərbaycan və Latviya arasında münasibətlərin tarixi kökləri keçmiş Sovet İttifaqı dövrünə gedib çıxır. Hər iki ölkə həmin dövrdə müttəfiq respublika kimi müxtəlif sahələrdə əməkdaşlıq etmişdir. Müstəqillik əldə edildikdən sonra bu münasibətlər yeni mərhələyə qədəm qoymuş və daha sistemli şəkildə inkişaf etdirilmişdir. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımış, 1994-cü ildə diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanın Latviyada səfirliyinin 2005-ci ildə açılması bu regionda ilk diplomatik nümayəndəlik kimi xüsusi əhəmiyyət kəsb edir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildən fəaliyyət göstərir.
İki ölkə arasında əməkdaşlıq yalnız ikitərəfli çərçivədə deyil, həm də beynəlxalq və regional platformalarda davam etdirilir. Bu baxımdan Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində əməkdaşlıq diqqətəlayiqdir. Azərbaycan Avropa ilə münasibətlərində enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və logistika imkanlarının inkişafını əsas istiqamətlər kimi müəyyənləşdirib. Bu çərçivədə İlham Əliyev tərəfindən vurğulandığı kimi, Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayan ölkələrdən biridir və bir sıra Avropa dövlətləri Azərbaycan qazından istifadə edir.
Latviya Prezidentinin Azərbaycana səfəri zamanı keçirilən təkbətək və geniş tərkibli görüşlər, həmçinin imzalanan sənədlər iki ölkə arasında münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirib. Bu günə qədər Azərbaycan və Latviya arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanmışdır. Son səfər zamanı qəbul edilən birgə bəyanat və digər razılaşmalar əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm addımlar kimi qiymətləndirilir.
Görüşlər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, energetika, nəqliyyat və rəqəmsallaşma sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlər kimi qeyd edilib. Azərbaycan-Latviya biznes-forumu da işgüzar dairələr arasında əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli rol oynayıb.
Eyni zamanda, görüşlərdə regional və beynəlxalq məsələlər də müzakirə olunub. Regionda sabitliyin təmin olunması, sülh prosesinin irəliləməsi və əməkdaşlıq mühitinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu baxımdan tərəflər dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Bu səfər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Latviya arasında mövcud olan potensial gələcəkdə iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Bu münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanaraq davamlı inkişaf perspektivinə malikdir.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü

Şərh yazın