Latviya Prezidentinin Azərbaycana səfəri və verilən rəsmi bəyanatlar Azərbaycanın beynəlxalq arenada mövqelərinin ardıcıl şəkildə gücləndiyini göstərir
2026-cı il aprelin 22-də Edqars Rinkeviçs-in Azərbaycana rəsmi səfəri və səfərin yekunlarına dair dövlət başçılarının mətbuata verdikləri bəyanatlar Azərbaycan ilə Latviya arasında münasibətlərin yeni və daha yüksək mərhələyə keçdiyini göstərir. Bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, eyni zamanda Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasının genişlənməsi fonunda mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər.
Azərbaycanın strateji tərəfdaşlıq şəbəkəsinin genişlənməsi ölkənin qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi, müxtəlif beynəlxalq platformalarda fəal iştirakı və regionlar arasında əlaqələndirici rolunun güclənməsi ilə bağlıdır. Edqars Rinkeviçsin bu səfəri də həmin siyasətin davamı kimi çıxış edir. Baltik regionunun önəmli ölkələrindən olan Latviyanın Azərbaycanla əməkdaşlığa artan marağı Bakının Avropa istiqamətində həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən xəbər verir.
Prezident İlham Əliyev mətbuata açıqlamasında vurğulamışdır ki, Azərbaycan-Latviya siyasi dialoqu yüksək səviyyədədir və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu münasibətlər yalnız diplomatik sahə ilə məhdudlaşmır, həm də iqtisadiyyat, nəqliyyat, logistika və enerji kimi mühüm sahələrdə konkret əməkdaşlıq layihələri ilə zənginləşir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu getdikcə daha da güclənir. Xüsusilə enerji resurslarının Avropaya nəqlində mühüm rol oynayan layihələr ölkənin geosiyasi əhəmiyyətini artırır. Enerji və nəqliyyat sahələri beynəlxalq əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edir və Latviyanın bu sahələrdə Azərbaycanla əməkdaşlığa maraq göstərməsi qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır.
Bununla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın tranzit imkanlarının artması Baltik regionu ilə əlaqələrin inkişafına yeni imkanlar açır. Latviya limanlarının Azərbaycan üzərindən Orta Asiya və Çin bazarlarına çıxış əldə etməsi, eləcə də Azərbaycanın Avropa bazarlarına inteqrasiyasının genişlənməsi hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.
Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirərək regional və qlobal təhlükəsizlik məsələlərində oxşar mövqelərdən çıxış edir. Avropa strukturları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan-Latviya münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Latviya Azərbaycanın Avropa ilə inteqrasiya prosesinə dəstək verən tərəfdaşlardan biri kimi çıxış edir ki, bu da Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla həyata keçirildiyini göstərir.
Eyni zamanda, humanitar və mədəni əlaqələr də münasibətlərin inkişafında mühüm rol oynayır. Təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanı daha da dərinləşdirir. Xüsusilə tələbə mübadiləsi proqramları və birgə layihələr bu baxımdan böyük əhəmiyyət daşıyır.
Latviya Prezidentinin Azərbaycana səfəri və verilən rəsmi bəyanatlar Azərbaycanın beynəlxalq arenada mövqelərinin ardıcıl şəkildə gücləndiyini göstərir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkənin əməkdaşlıq coğrafiyasını genişləndirərək onu Avropa ilə Asiya arasında mühüm siyasi və iqtisadi mərkəzlərdən birinə çevirir. Bu baxımdan Edqars Rinkeviçsin Bakıya səfəri həm ikitərəfli münasibətlərin inkişafı, həm də Azərbaycanın qlobal nüfuzunun artmasının göstəricisi kimi qiymətləndirilə bilər.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Şərh yazın