Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Azərbaycan ilə Latviya arasında münasibətlər son illərdə ardıcıl şəkildə inkişaf edərək strateji əməkdaşlıq çərçivəsinə doğru genişlənir. 2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və beynəlxalq məsələlər üzrə qarşılıqlı anlaşmanın gücləndirilməsi əsas müzakirə mövzuları olub. İkitərəfli münasibətlərin inkişafında hüquqi baza və siyasi iradə xüsusi rol oynayır. Azərbaycan və Latviya arasında imzalanmış sənədlər, xüsusilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, əməkdaşlığın uzunmüddətli və sistemli şəkildə qurulmasına imkan yaradır. Bu çərçivə təkcə dövlətlərarası münasibətləri deyil, eyni zamanda iqtisadi, humanitar və regional layihələr üzrə əməkdaşlığı da əhatə edir.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı bu məsələyə toxunaraq bildirdi ki, “Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq”. Bu fikirlər Azərbaycan-Latviya münasibətlərinin təsadüfi deyil, məhz planlı və sistemli şəkildə inkişaf etdiyini göstərir. Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin mövcudluğu iki ölkə arasında əməkdaşlığın sabit hüquqi əsaslara söykəndiyini təsdiqləyir və gələcək layihələrin həyata keçirilməsi üçün etibarlı platforma yaradır.
Son illərdə tərəflər arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif sahələr üzrə işçi qrupların fəaliyyəti münasibətlərin daha praktik məzmun almasına səbəb olub. Xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika sahəsində əməkdaşlıq, eləcə də enerji və ticarət sahələrində yeni imkanların araşdırılması diqqət mərkəzindədir. Beynəlxalq platformalarda qarşılıqlı dəstək və ortaq mövqelərin nümayiş etdirilməsi də iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu göstərir. Bu amil regional və qlobal çağırışlar fonunda əməkdaşlığın daha da əhəmiyyətli olmasına şərait yaradır. Azərbaycan və Latviya arasında mövcud strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha geniş sahələri əhatə edəcək şəkildə inkişaf etmək potensialına malikdir.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi

Şərh yazın