Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək.
Azərbaycan və Latviya arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyur. 2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə iqtisadi sahədə tərəfdaşlığın dərinləşdirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində verilən mesajlar diqqət çəkir.
Bu səfər yalnız diplomatik münasibətlərin möhkəmləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda konkret iqtisadi hədəflərin müəyyənləşdirilməsi ilə yadda qalır. Azərbaycan və Latviya coğrafi baxımdan fərqli regionlarda yerləşsələr də, hər iki ölkə logistika, nəqliyyat, enerji və texnologiya sahələrində bir-birini tamamlayan imkanlara malikdir. Bu baxımdan qarşılıqlı investisiya layihələrinin reallaşdırılması hər iki tərəf üçün yeni iqtisadi perspektivlər vəd edir.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı bu məsələyə xüsusi diqqət yetirərək bildirmişdir: “Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək”.
Bu fikirlər göstərir ki, tərəflər yalnız mövcud əlaqələri qorumaqla kifayətlənmək niyyətində deyil, eyni zamanda onları keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyirlər. Xüsusilə biznes forumların keçirilməsi, şirkətlər arasında birbaşa əlaqələrin qurulması və məlumat mübadiləsinin intensivləşdirilməsi iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynaya bilər.
Hazırda Azərbaycan regionda mühüm iqtisadi və nəqliyyat qovşaqlarından biri kimi çıxış edir. Latviya isə Avropa İttifaqının üzvü olaraq Baltik regionunda strateji mövqeyə malikdir. Bu iki ölkə arasında əməkdaşlıq Avrasiya məkanında yeni iqtisadi körpülərin qurulmasına da töhfə verəcək. Xüsusilə tranzit və logistika sahəsində birgə layihələrin həyata keçirilməsi böyük potensial vəd edir.
Azərbaycan-Latviya münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Qarşılıqlı siyasi iradə və iqtisadi maraqların uzlaşdırılması gələcəkdə daha genişmiqyaslı layihələrin reallaşmasına zəmin yaradır.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

Şərh yazın