Ulu Öndər Heydər Əliyevin 31 mart soyqırımına verdiyi siyasi qiymət – “Azərbaycanlıların soyqırımı haqqında” Fərman

Ulu Öndər Heydər Əliyevin 31 mart soyqırımına verdiyi siyasi qiymət – “Azərbaycanlıların soyqırımı haqqında” Fərman.

 

Xalqların yaddaşı onların keçmişinə verilən düzgün siyasi və hüquqi qiymətlə daha da möhkəmlənir. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü də məhz belə mühüm tarixi hadisələrdən biridir və bu faciəyə obyektiv qiymətin verilməsi dövlətçilik baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmandır. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar uzun illər ərzində lazımi siyasi qiymətini almamış, bu faciələr barədə həqiqətlər geniş ictimaiyyətə tam şəkildə çatdırılmamışdı. Yalnız müstəqillik dövründə bu məsələyə dövlət səviyyəsində yanaşma formalaşdı və tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atıldı. 1998-ci il martın 26-da imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan dönüş nöqtəsi oldu. Bu sənəd təkcə tarixi hadisələrin hüquqi-siyasi qiymətləndirilməsi deyil, eyni zamanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyırdı. Fərmanda XIX əsrin sonu – XX əsrin əvvəllərində müxtəlif bölgələrdə baş vermiş qırğınların mahiyyəti açıqlanır, bu hadisələrin planlı və məqsədyönlü xarakter daşıdığı vurğulanırdı.

Fərmanın imzalanması ilə 31 Mart günü rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu qərar tariximizin ağrılı səhifələrinin unudulmaması, qurbanların xatirəsinin ehtiramla yad edilməsi və gələcək nəsillərə düzgün şəkildə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda bu addım beynəlxalq aləmdə tarixi həqiqətlərin tanıdılması istiqamətində aparılan siyasətin əsasını qoydu. Heydər Əliyevin bu fərmanı həm də milli yaddaşın formalaşmasına xidmət edən mühüm sənəd kimi qiymətləndirilir. Bu gün ölkədə keçirilən anım tədbirləri, elmi araşdırmalar və maarifləndirici layihələr məhz həmin siyasi xəttin davamı olaraq həyata keçirilir.

31 Mart soyqırımına verilən bu siyasi qiymət bir daha göstərir ki, tarix yalnız xatırlanmalı deyil, həm də düzgün dəyərləndirilməlidir. Tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə çatdırılması dövlətin və hər bir vətəndaşın mənəvi borcudur. Bu baxımdan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman milli yaddaşımızın qorunmasında və tarixi ədalətin bərpasında mühüm rol oynamaqda davam edir.

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova

Şərh yazın