Mifik “Böyük Ermənistan” ideyası

Mifik “Böyük Ermənistan” ideyası.

 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşına qanlı hərflərlə yazılmış faciəli tarixlərdən biridir. Bu gün Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınların, etnik təmizləmə siyasətinin və insanlığa sığmayan vəhşiliklərin anım günüdür. 1918-ci ilin mart və aprel aylarında baş verən hadisələr zamanı minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmiş, şəhər və kəndlər viran qoyulmuş, mədəni və dini abidələr dağıdılmışdır. Bu hadisələr təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın yaddaşında qara ləkə kimi qalmaqdadır.

Tarixi mənbələr və araşdırmalar göstərir ki, həmin dövrdə Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə qırğınlar həyata keçirilmişdir. Dinc əhali amansızcasına öldürülmüş, qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla məhv edilmişdir. Bu hadisələr planlı şəkildə həyata keçirilmiş və məqsəd bölgədə azərbaycanlıların izini silmək olmuşdur.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Bu qanlı hadisələrin uzun illər ərzində lazımi siyasi-hüquqi qiymətini almaması tarixə ədalətsiz yanaşmanın nəticəsi olmuşdur. Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra bu faciələrə dövlət səviyyəsində qiymət verilmiş, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir;

Bu gün Azərbaycan dövləti və xalqı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, onların ruhuna dualar oxuyur və bir daha belə faciələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətə çağırış edir. Tarixi yaddaşın qorunması, gələcək nəsillərə ötürülməsi və həqiqətlərin dünyaya çatdırılması hər bir vətəndaşın borcudur. 31 Mart faciəsi unudulmur, unutdurulmur və bu kimi hadisələrin bir daha baş verməməsi üçün daim xatırlanır.

 

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi

 

Şərh yazın