“Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı”

“Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı”

 

Tarixin ən ağrılı səhifələrindən biri olan Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. 1992-ci ilin fevralında yüzlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi təkcə bir şəhərin deyil, bütöv bir millətin faciəsi idi. Həmin gecə axıdılan qan, dağıdılan ailələr və yarımçıq qalan talelər xalqımızın qəlbində həm böyük kədər, həm də ədalətə inam hissi formalaşdırdı. Bu inam illər sonra Müzəffər Azərbaycan Ordusunun şücaəti ilə gerçəyə çevrildi. 2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, dövlətimizin qətiyyətinin və Ordumuzun gücünün təntənəsi oldu. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu Zəfər yalnız hərbi-siyasi qələbə deyil, həm də illərlə qəlbimizdə daşıdığımız ağrı və ədalət arzusunun təcəssümü idi. Xocalı şəhidlərinin ruhu qarşısında verilən söz yerinə yetirildi – onların qanı yerdə qalmadı. Azərbaycan əsgəri döyüş meydanında həm peşəkarlıq, həm də yüksək mənəvi dəyərlər nümayiş etdirdi. Mülki əhaliyə qarşı zorakılıqdan uzaq duran, beynəlxalq humanitar hüquqa hörmət edən Ordumuz öz gücünü ədalət və haqq işinə söykədi. Bu, Azərbaycan Ordusunun təkcə hərbi qüdrətini deyil, həm də mənəvi üstünlüyünü göstərdi. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri də Zəfərin davamı kimi qiymətləndirilməlidir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, həyat öz axarına qayıdır. Bu dirçəliş Xocalı qurbanlarının xatirəsinə ən böyük ehtiram nümunəsidir. Çünki onların arzusu da doğma torpaqlarda azad və təhlükəsiz yaşamaq idi. Bu gün Azərbaycan xalqı başını dik tutur. Çünki tarixi ədalət bərpa olunub. Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız azaddır və şəhidlərimizin ruhu şaddır. Xocalı şəhidlərinin qanı yerdə qalmadı – onların xatirəsi Zəfərimizlə əbədiləşdi, mübarizə ruhu isə gələcək nəsillərə örnək oldu.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

Şərh yazın