Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.
1992-ci ilin 26 fevralında Xocalının məhv edilməsi, 600-dən çox dinc sakin, qadın və uşaqların qətlə yetirilməsi sonradan Ermənistan prezidenti olmuş Sarkisyanın da qeyd etdiyi kimi, ermənilərin Azərbaycana qarşı “zarafat” etmədiyini göstərdi. Ermənilər biz düşündüyümüzdən də artıq qana susamışdılar. Məqsədləri təkcə Xocalını işğal etmək deyildi, həm də onun bütün əhalisini öldürməklə Azərbaycan xalqında xof yaratmaq idi. Bu faciə Azərbaycan dövlətini və xalqımızı sarsıtsa da, mübarizə əzmini qıra bilmədi. Dövlətimizin həyata keçirdiyi düzgün siyasət nəticəsində Xocalı soyqırımı bizim üçün gözümüzün odunu alan, təşviş yaradan deyil, vətənpərvərlik, qisas hisslərini alovlandıran bir hadisəyə çevrildi. Biz daim Xocalı soyqırımı qurbanlarının intiqamını ermənilərdən almaq arzusu ilə yaşamışıq. İşğal dövründə Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində çox böyük işlər gördü.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 1997-ci il 25 fevral tarixli Sərəncam ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, konfranslar keçirildi.
Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu gün Xocalıda həyat yenidən canlanır. Şükür ki, Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin qanı yerdə qalmadı, onların ruhları şaddır. Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Xocalıda dalğalanan bayrağımız bu cinayəti törədənlərə ən layiqli cavabdır.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova

Şərh yazın