1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır.

 

Hər il 31 mart tarixində Azərbaycan xalqı böyük kədər və ehtiram hissi ilə Azərbaycanlıların Soyqırımı Gününü qeyd edir. Bu tarix təkcə keçmişin acı xatirəsi deyil, həm də tarixi həqiqətlərin unudulmaması, gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olmaqla, mahiyyət etibarilə mülki əhaliyə qarşı törədilmiş soyqırımı aktıdır. 1918-ci ilin mart hadisələri zamanı Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində minlərlə günahsız insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Bu qırğınlar planlı və sistemli şəkildə həyata keçirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və mədəni abidələr məhv edilmişdir. Xüsusilə qadınların, uşaqların və qocaların amansızcasına öldürülməsi bu hadisələrin hərbi qarşıdurmadan daha çox, etnik təmizləmə və soyqırımı xarakteri daşıdığını açıq şəkildə göstərir.

Tarixi mənbələr və araşdırmalar sübut edir ki, həmin dövrdə baş verən zorakılıqlar spontan deyil, əvvəlcədən hazırlanmış planın nəticəsi idi. Məqsəd Azərbaycanlı əhalini qorxu altında saxlamaq, onları doğma torpaqlarından didərgin salmaq və bölgədə demoqrafik vəziyyəti dəyişmək idi. Bu isə beynəlxalq hüquqa görə soyqırımı anlayışının əsas elementlərinə tam uyğundur. Təəssüf ki, uzun illər bu hadisələrə lazımi hüquqi-siyasi qiymət verilməmiş, dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırılmamışdır. Lakin müstəqillik əldə edildikdən sonra Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar atmış, 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirmişdir. Bu qərar yalnız tarixi ədalətin bərpası deyil, həm də milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri 1918-ci ilin mart hadisələrinin mahiyyətini beynəlxalq aləmə daha geniş şəkildə çatdırmaqdır. Tarixi faktların təhrif olunmasının qarşısını almaq, bu faciəni obyektiv şəkildə təqdim etmək və onu soyqırımı kimi tanıtmaq mühüm prioritetlərdəndir. Çünki tarix yalnız yadda saxlanıldıqda və düzgün qiymətləndirildikdə təkrar olunmur.

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva

Şərh yazın