“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün” layihəsi çərçivəsində Ağcabədi şəhər M.F. Axundov adına 3 nömrəli məktəb-liseyində layihə tədbirləri təşkil olunub.
Layihə çərçivəsində ardıcıl olaraq 19 fevral 2026-cı il tarixdə elmi-maarifləndirici konfrans, 20 fevral 2026-cı il tarixdə isə intellektual bilik yarışması baş tutub.
”Xeberaz.info” xəbər verir ki, konfransda İctimai Birliyin sədri Durna Vəliyeva layihənin məqsəd və vəzifələri barədə iştirakçıları məlumatlandırıb. O, çıxışında 44 günlük Vətən müharibəsinin ölkəmizin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, Ali Baş Komandanın qətiyyətli rəhbərliyindən və xalqla ordunun həmrəyliyindən bəhs edib, əldə olunan Zəfərin milli birliyin, vətənpərvərlik ruhunun və güclü dövlət siyasətinin nəticəsi olduğunu qeyd edib və bu barədə geniş məlumat verib.
Tədbirdə qonaq qismində iştirak edən Vətən müharibəsi qazisi Cavid Allahverdiyev, şəhid ailəsinin üzvü Nüşabə İbrahimova, Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev, Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Nuray Əliyeva və Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Eldəniz Qənbərov çıxış edərək layihənin əhəmiyyətindən, gənclərin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyindən və bu kimi maarifləndirici tədbirlərin önəmindən bəhs ediblər, həmçinin iştirakçıların fikirləri dinlənilib.
Layihənin davamı olaraq keçirilən intellektual bilik yarışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İntellektual bilik yarışmasında qalib adı üğrunda 20 komandanın 100 nəfərdən artıq gənci mübarizə aparmışdır. Yarış zamanı gənclər Vətən müharibəsi, Azərbaycan tarixi və Milli Qəhrəmanlarımızla bağlı biliklərini nümayiş etdiriblər. Tədbirin sonunda qalib və fərqlənən iştirakçılar İctimai Birlik tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.




















Şərh yazın