Qalib Xalqın Qalib Lideri!

Qalib Xalqın Qalib Lideri!

 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq növbədənkənar prezident seçkiləri keçirildi. Suveren haqları tam bərpa edilən vətəndaşlar konstitusion hüquqlarını həyata keçirərək növbəti 7 il üçün dövlət rəhbərini seçdilər. Xalqımız bu seçkilərdə “Qalib xalqın qalib lideri” şüarı altında böyük ruh yüksəkliyi ilə iştirak etdi, xoşbəxt və firavan gələcəyinə səs verdi. Beynəlxalq və yerli müşahidə əsasında şəffaf şəkildə həyata keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu. Növbədənkənar prezident seçkiləri 44 günlük İkinci Qarabağ müharibəsi və uğurlu antiterror əməliyyatlarının tarixi ardıcıllığı kimi “lider-xalq” birliyinin növbəti nümunəsinə çevrildi, cənab İlham Əliyev 92,05 faiz səslə inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu qələbə xalqımızın öz liderinə sonsuz etimadının təzahürü idi. Bu tarixi hadisənin özünəməxsus cəhətlərindən biri də Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsi oldu. Sözün əsl mənasında, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olan cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin əmin etdiyi kimi, xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər gördü, hələ də bu istiqamətdə işlər görməkdədir və həqiqətən də, məqsədyönlü, uğurlu siyasət yürütdüyü də günün reallığıdır.

Ölkə başçısının rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir və cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 22 ildə bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Daha dəqiq desək, cənab Prezident xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Ən vacib olanı isə, dövlət başçısının sayəsində ölkəmizdə siyasi sabitlik hökm sürür və bu da öz növbəsində, gələcək inkişaf üçün də əsaslı zəmin yaradır.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov

Şərh yazın