İnamlı addımların və uğurlu qərarların əsasında duran təhsil

İnamlı addımların və uğurlu qərarların əsasında duran təhsil.

Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətinə nəzər salaq. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb, bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. 2003-cü il oktyabrın 15-dən Azərbaycan Republikasının Prezidentidir. Ötən illər göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident cənab İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 22 ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Prezident cənab İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir. Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki – “Azerspace-2” orbitə çıxarılıb. Beləliklə, dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsində Qələbənin qazanılmasında da əsas amillərdən oldu.

 

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.

Şərh yazın