Dövlət Suverenliyi Gününün təsis edilməsi

Dövlət Suverenliyi Gününün təsis edilməsi

Azərbaycan dövlətçilik tarixində 2024-cü il xüsusi önəm daşıyan mərhələlərdən biri kimi yadda qalmışdır. Məhz bu il Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlərdən biri – “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli Sərəncam müasir Azərbaycan dövlətinin suverenliyinin tam və qəti şəkildə bərpa olunmasının siyasi-hüquqi ifadəsi kimi tarixə düşmüşdür. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
Bu əlamətdar qərar təkcə yeni bir rəsmi günün təsis edilməsi deyil, eyni zamanda xalqımızın əsrlərlə davam edən müstəqillik arzularının, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir.

Dövlət suverenliyi müstəqil dövlətin əsas atributlarından biridir. Suverenlik dövlətin öz ərazisi üzərində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etməsi deməkdir. Azərbaycanın müstəqillik əldə etməsinə baxmayaraq, uzun illər ərzində ərazilərimizin bir hissəsinin işğal altında qalması suverenliyimizin tam təmin olunmasına mane olmuşdur. Məhz bu baxımdan Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın yalnız hüquqi baxımdan deyil, faktiki olaraq da tam suveren dövlətə çevrildiyini təsdiqləyir. Bu gün Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşu bərqərar olmuş, dövlət hakimiyyəti tam təmin edilmişdir.

2023-cü ilin sentyabrında Azərbaycan dövləti öz tarixində mühüm və həlledici addım atdı. Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi Qarabağ bölgəsində də tam bərpa olundu. Separatizmə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi və Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərimizdə təmin edildi.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixində Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması bu tarixi hadisələrin siyasi yekunu və hüquqi təsdiqi oldu. 20 sentyabr tarixinin bayram günü kimi müəyyən edilməsi suverenliyin bərpasının xalqın kollektiv yaddaşında əbədi yer tutmasına xidmət edir.

Dövlət Suverenliyi Gününün təsis edilməsi Prezident İlham Əliyevin uzun illər ərzində ardıcıl və prinsipial şəkildə həyata keçirdiyi siyasətin nəticəsidir. Dövlət başçısı hər zaman bəyan etmişdir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu deyil və bu prinsip real siyasi və hərbi addımlarla təmin edilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan güclü ordu quruculuğu həyata keçirmiş, beynəlxalq arenada mövqelərini möhkəmləndirmiş və milli maraqlara əsaslanan müstəqil siyasət yürütmüşdür. Nəticədə Azərbaycan regionda söz sahibi olan, öz taleyini özü müəyyən edən güclü dövlətə çevrilmişdir.

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli birliyinin, həmrəyliyinin və qürurunun ifadəsidir. Bu gün xalqımızın dövlətinə olan inamını, ordusuna olan güvənini və liderinə olan etimadını daha da möhkəmləndirir. Bu əlamətdar tarix gənc nəsil üçün də xüsusi əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Günü gənclərə müstəqil dövlətin dəyərini, suverenliyin hansı çətinliklər bahasına əldə edildiyini və onun qorunmasının hər bir vətəndaşın borcu olduğunu xatırladır. Dövlət Suverenliyi Gününün təsis edilməsi beynəlxalq ictimaiyyətə də mühüm mesajdır. Bu qərar göstərir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan, suverenliyinə hörmət edən və regionda uzunmüddətli sülhün tərəfdarı olan dövlətdir.
Azərbaycanın suverenliyinin tam təmin olunması Cənubi Qafqazda yeni reallıqlar yaratmış, əməkdaşlıq və inkişaf üçün geniş imkanlar açmışdır. Bu gün Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin əsas təminatçılarından biri kimi çıxış edir.

20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının yaddaşında milli qürur günü kimi yaşayacaq, dövlətçiliyimizin sarsılmazlığını və gələcəyə inamını daha da gücləndirəcəkdir. Bu gün müstəqil, güclü və suveren Azərbaycanın rəmzi olaraq tarixə əbədi həkk olunmuşdur.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

Şərh yazın