XXI əsrin Lideri – İLHAM ƏLİYEV!

XXI əsrin Lideri – İLHAM ƏLİYEV!

Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni xalqların gələcək taleyində, milli dövlətin inkişafında aparıcı rola malikdir. Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur. Müasir müstəqil Azərbaycan Dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirmişdir. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ulu Öndər Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır.Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Cənab Prezident İlham Əliyev Azərbaycanın çox əsrlik dövlətçilik ənənələrinin formalaşdırdığı nadir, fenomen siyasi şəxsiyyətlərdən biridir.
Bu gün Azərbaycan Cənubi Qafqaz regionu ilə yanaşı, dünyanın ən güclü dövlətlərindən biridir. İstər siyasi, istər iqtisadi, istərsə də uğurlu idarəçilik modeli fonunda Azərbaycan dünyada öz sözünü deməkdədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Azərbaycanın Qarabağ savaşı beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqi ilə aparılmış müharibə kimi də təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandanın “dəmir yumruğ”u ilə 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə də qüdrətli dövlət rəhbəri olan İlham Əliyev daha bir mühüm tarixi zəfərə imza atmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 22 ildə böyük uğurlar əldə edərək inkişaf yolu keçib. Bu illərdə baş verən proseslər, əldə olunan nailiyyətlər bir daha təsdiqləyir ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasətinin alternativi yoxdur.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov

Şərh yazın