Amnistiyanın şamil olunacağı şəxslər
Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizm, mərhəmət və sosial ədalət prinsipləridir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş növbəti amnistiya aktı da məhz bu dəyərlərin hüquqi müstəvidə real ifadəsidir. Amnistiya aktının layihəsi dövlətin insana verdiyi dəyəri, sosial həssas qruplara xüsusi diqqəti və tarixi ədalətin təmin olunmasına yönəlmiş məqsədyönlü siyasətini aydın şəkildə nümayiş etdirir.
Xüsusilə vurğulanmalıdır ki, amnistiya aktı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə iştirak etmiş şəxsləri, habelə müharibənin və hərbi təxribatların ağır nəticələrindən zərər çəkmiş insanları əhatə etməklə yüksək mənəvi məzmun daşıyır.
Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər amnistiyanın əsas hədəf qruplarından biridir. Buraya Vətən müharibəsində, eləcə də 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər daxildir. Bu yanaşma dövlətin öz torpaqları uğrunda mübarizə aparmış vətəndaşlarına göstərdiyi yüksək ehtiramın və minnətdarlığın hüquqi ifadəsidir. Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad olunması, onların cəmiyyətə reinteqrasiyasına şərait yaradılması həm sosial ədalət prinsipinə, həm də dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Amnistiya aktının layihəsində döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının da nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Bu kateqoriyaya aid olan şəxslərin amnistiyadan yararlanması dövlətin şəhid ailələrinə və müharibənin ağır mənəvi yükünü daşıyan ailələrə olan diqqətinin növbəti təzahürüdür.
Bu addım bir daha göstərir ki, Azərbaycan dövləti müharibənin yalnız hərbi deyil, eyni zamanda sosial və psixoloji nəticələrini də dərindən anlayır və bu nəticələrin yumşaldılması üçün hüquqi mexanizmlərdən istifadə edir.
Layihəyə əsasən, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər də amnistiyanın şamil olunduğu kateqoriyaya daxildir. Bu yanaşma tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Müharibə və hərbi təxribatlar zamanı mülki əhalinin çəkdiyi əzablar Azərbaycan cəmiyyətinin yaddaşında dərin iz buraxmışdır. Dövlətin bu şəxslərə münasibətdə humanist addımlar atması sosial məsuliyyətin və mərhəmət prinsipinin ali səviyyədə qorunduğunu göstərir.
Amnistiya aktının layihəsi sosial həssas qruplara xüsusi diqqət ayırır. Qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar amnistiyanın əsas benefisiarları sırasında yer alır.
Bu yanaşma beynəlxalq humanitar hüquq normalarına, eyni zamanda müasir cinayət-hüquq siyasətinin humanist prinsiplərinə tam uyğundur. Qadınların və yaşlı şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsi ailə institutunun qorunmasına, sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı humanist yanaşma isə onların gələcəkdə cəmiyyət üçün faydalı fərd kimi formalaşmasına imkan yaradır.
Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər də amnistiya aktından yararlana biləcəklər.
Bu kateqoriyaya aid olan şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması cəzanın islahedici mahiyyətini ön plana çıxarır. Dövlət bu addımla cəzanın məqsədinin intiqam deyil, insanın düzgün yola qaytarılması olduğunu bir daha təsdiqləyir.
Bu sənəd bir daha sübut edir ki, Azərbaycan dövləti güclü olduğu qədər də mərhəmətli, prinsipial olduğu qədər də humanist dövlətdir və bu yanaşma ölkənin davamlı inkişafının əsas təminatlarından biridir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

Şərh yazın