Mədəni və humanitar sahədə əlaqələr davamlı şəkildə inkişaf etdirilir.
Hər iki ölkədə qarşılıqlı diaspor fəaliyyətləri, təhsil mübadiləsi, birgə sərgilər və teatr tamaşaları təşkil olunur. 2023-cü ildə Səmərqənddə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıda yaradılan Özbəkistan Mədəniyyət Evi xalqlar arasında bağları daha da gücləndirir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam bu münasibətlərin əsas dayaq nöqtəsidir. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilmişdir. Bu, xüsusilə Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə göstərdi. 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Bundan sonra Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
Bütün bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuata bəyanatında toxunub. Cənab Prezident qeyd edib ki, “bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir”.
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köməyə görə Özbəkistana minnətdarlığını bildirib. Prezident İlham Əliyev bildirib: “Biz Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı bildiririk. Özbəkistan birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”.
Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Şərh yazın