Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır

Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır

2021-ci il iyunun 15-də  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş  və strateji tərəfdaş olan  ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. 15 iyun 2022-ci il tarixində  Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində  “Azərbaycan- Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına məktubla müraciət edib.  Cənab Prezident qeyd edib ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar bir tarix olan  15 İyun- Milli Qurtuluş  Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi var.

2021-ci il 15 iyun tarixində Şuşa  şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında  müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın  yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu  Bəyannamə iki qardaş  ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. İmzalanmış  Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir.  Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və  Heydər Əliyevin kəlamları öz əksini tapıb.
XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk demişdi ki,  “Azərbaycanın kədəri –kədərimiz, sevinci- sevincimizdir”. XX əsrin  sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdi ki, “Türkiyə və Azərbaycan  bir millət, iki dövlətdir”

XXI əsrin əvvəllərində erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın  və qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Eyni zamanda tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə öz əksini tapmışdır. Bu böyük tarixi nailiyyətdir. Bu bir daha göstərir ki  Azərbaycan  və  Türkiyə  bundan sonra da bir birinin təhlükəsizliyini təmin edəcəkdir.  Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Alagöz Namazova

Şərh yazın