Cinayət işi açılmış və hazırda istintaqı davam etdirilən “Gold Məkan” MMC tikinti şirkəti növbəti dəfə qanunları pozub.
Avrasia.Az xəbər verir ki, bununla bağlı Nərimanov rayonu, Ağa Neymətulla, F.X.Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində, 1,6 hektar ərazidə yerləşən binaların sakinləri şikayət məktubu göndəriblər.
Sakinlərin sözlərinə görə, ötən gün – 28 may gecə saat 02:00-03:00 radələrində 17.12.2024-cü ildən cinayət işi açılmış, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən fəaliyyəti 16.12.2024-dən dayandırılmış “Gold məkan” tikinti şirkəti ən azı 5 ağacı ekskavatorla kökündən çıxardıb. Tikinti şirkəti indiyə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan bir neçə ağacı məhv edib.
17.12.2024-cü il tarixindən cinayət işi 186, 308 maddələri ilə açılsa da, 2 sağlam bina sökülüb, Nərimanov rayon prokurorluğu isə hələ də “araşdırma” aparır. Məhkəmənin qərarı ilə söküntü işləri dayandırılmış, lakin 01.05.2025-ci ildən etibarən 29 gün boyunca “Gold Məkan” şirkəti tərəfindən axşam saat 22:00-dan səhər 05:00-dək çala (kotlovan) qazılır. Sakinlər bu qanun pozuntusu ilə bağlı FHN-in təkrar telefonoqramını Nərimanov rayon polis idarəsinə, Nərimanov Rayon İcra Hakimiyyətinə təqdim etsələr də, Nərimanov Rayon Polis İdarəsinin, 17-ci polis bölməsinin əməkdaşları da hadisə yerinə gəlməyiblər. Bundan əlavə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi telefonu saatlarla məşğula atır və zənglərə cavab verməkdən imtina edir.
Nərimanov RPİ-də isə özünü təqdim etməyən, sonradan soyadını öyrəndiyimiz Məmmədov (adını demədilər) dedi ki, xidmətimizə mane olub boş-boş danışmayın. Halbuki ilk zəng etdiyimiz vaxtda, yəni 21:55-də polis gəlsə idi, bu özbaşınalıq baş verməzdi.
Nərimanov rayonu İcra Hakimiyyətinin 1643 nömrəli “Qaynar Xətt”i isə ümumiyyətlə, zənglərə cavab vermir. Baxmayaraq ki, FHN-nin telefonoqramı 20.12.24, 26.05.25-ci il tarixindən onlara da göndərilib.
Qeyd edək ki, “Yaşıllığın götürülməsi vərəqəsi” olmayan tikinti şirkətləri ərazidən ağacları götürə bilməz. Ağacların yerinin dəyişdirilməsi, qanuni olaraq Ekologiya və Təbbi Sərvətlər Nazirliyindən icazə alınmadan, qanunsuz olaraq aparılırsa, cinayət işinin açılması ilə nəticələnir.
İrəli sürülən ittihamlarla bağlı “Gold Məkan”ın mövqeyini dərc etməyə hazırıq.
Mövzuya aid videogörüntünü təqdim edirik:
Şərh yazın